İstifadəçi Razılaşması
(Veb sayt ilə əlaqədar)
Aşağıda qeyd edilən və bu veb saytın bütün istifadəçiləri üçün məcburi olan şərtləri diqqətlə oxumağınız xahiş olunur. Nəzərə alın ki, bu veb saytdan istifadə edərkən bu Razılaşmada qeyd olunmuş şərtləri əvvəlcədən qəbul etmiş olursunuz.
Bu veb sayt üzərindən apardığınız əməliyyat üzrə şəxsən məsuliyyət daşıyırsınız və bu Razılaşmada qeyd edilmiş hallardan başqa “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti üçün hər hansı bir qanuni və ya müqavilə öhdəliyi yaratmır.
Hüquqi və maliyyə vəziyyətlərinin veb sayt vasitəsilə təklif edilən xidmətlərdən istifadə etməyə uyğun olub-olmadığını əvvəlcədən müəyyən etmək İstifadəçinin öz vəzifəsidir. Belə ki, veb sayta daxil olmağa və onun vasitəsilə təklif edilən xidmətlərdən istifadəyə müəyyən şəxslər və ya müəyyən ölkələr üçün məhdudiyyətlər tətbiq edilə bilər. Şəxsə vətəndaşı olduğu ölkənin qanunları və ya başqa bir ölkənin tabe olduğu qanunları ilə təklif edilən xidmətlərdən istifadə qadağan olunduğu təqdirdə “PAŞA Sığorta” ASC belə şəxslərə xidmət göstərməyəcəkdir.
İstifadə edilən anlayışlar:
- Veb sayt –https://www.yuvam.az/
- “PAŞA Sığorta” ASC –sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
- İstifadəçi –Razılaşmanın şərtlərini qəbul edərək veb sayta daxil olmaq, veb saytda təklif edilən xidmətlərdən istifadə etmək hüququ əldə edən bütün şəxslər
- “PAŞA Sığorta”, “biz”, “bizim” –“PAŞA Sığorta” ASC
- “Siz”, “sizin” –İstifadəçi
- Tərəflər –“PAŞA Sığorta” və “İstifadəçi”
- Razılaşma –hazırki “İstifadəçi Razılaşması”
- Xidmət –veb sayt vasitəsilə PAŞA Sığorta tərəfindən İstifadəçiyə təklif edilən xidmətlər
- Şəxsi data –fərdi məlumatlar və/və ya özündə sığorta sirrini əks etdirən məlumatlar
1. ÜMUMİ MƏLUMAT
Bu Razılaşma İstifadəçinin aşağıda qeyd edilmiş hərəkətləri etməklə bağlı şərtləri müəyyən edir:
- Veb sayta daxil olmaq
- Təklif edilən xidmətlərdən istifadə etmək
2. İSTİFADƏ
İstifadəçi veb sayta daxil olur, müvafiq bölmələrə keçid edir, tələb olunan məlumatları daxil edir. Həmin məlumatların gizliliyi ilə əlaqədar bütün məsuliyyət İstifadəçiyə aiddir.
3. XİDMƏT HAQQI VƏ ÖDƏNİŞLƏR
Veb saytdan istifadə ödənişsizdir. Veb sayt vasitəsilə sığorta məhsullarının əldə olunması zamanı isə müvafiq ödənişlər tətbiq edilir.
Telekommunikasiya şəbəkəsindən istifadə ilə əlaqədar xərclər İstifadəçi tərəfindən öz provayderinin müəyyən etdiyi qaydada ödənilir. Telekommunikasiya xidmətini təmin edən provayderin tələb etdiyi xərcləri ödəmək İstifadəçinin öhdəliyidir.
PAŞA Sığorta veb sayta çıxışı qeyri‑mümkün edən qurğunun nasazlığı, internet rabitəsinin olmaması və ya uyğunsuzluğu və ya digər səbəblər nəticəsində yarana biləcək zərərə/ziyana görə məsuliyyət daşımır.
4. ŞƏXSİ DATALAR VƏ İCAZƏLƏR
İstifadəçi veb saytdan istifadə etdiyi zaman PAŞA Sığortanın veb serveri avtomatik olaraq aşağıdakı məlumatları qeyd edir:
- IP ünvanı
- Veb sayta yönləndirən sayt
- İstifadə olunan brauzer proqramının növü
- Veb saytın istifadə edilən bölmələri
- Veb saytdan istifadənin tarixi və müddəti
Bundan başqa müxtəlif şəxsi datalar da toplanıb emal edilə bilər:
- Soyad, ad və ata adı
- Cins
- Ünvan
- Əlaqə məlumatları
- Əmlak məlumatları
Buradan əldə edilən şəxsi datalar aşağıda qeyd edilən məqsədlər üçün istifadə edilə bilər:
- Sığorta münasibətlərinin tənzimlənməsi (məsələn, istinad, anderraytinq, sığorta iddialarına baxılması)
- Bazar araşdırması və ya analitik təhlil
- PAŞA Sığortanın öz proseslərini, xidmətlərini və məhsullarını yaxşılaşdırması
- PAŞA Sığortanın tədbirləri, xidmətləri, məhsulları və yenilikləri barədə məlumat verməsi
- Dələduzluğun, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin, hədəfli maliyyə sanksiyaları tətbiq edilməli şəxslərin birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınması və aşkarlanması
- Hər hansı qanuni öhdəliklərə (məsələn, vergi, maliyyə və inzibati öhdəliklər) riayət edilməsi
Müvafiq qanun və qaydaların İstifadəçinin açıq razılığının alınmasını tələb etmədiyi hallar istisna olmaqla şəxsi datalar İstifadəçinin açıq razılığıyla istifadə ediləcək.
Xüsusi hallarda şəxsi datalar paylaşıla bilər:
Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək üçün, o cümlədən İstifadəçiyə təqdim edilən sığorta məhsulu və ya xidmətdən şikayət edildiyi təqdirdə müvafiq nəzarətedici orqanla.
Qanunvericiliklə icazə verildiyi təqdirdə şəxsi datalar müvafiq olaraq veb sayt üzərindən təqdim edildiyi tarixdən 5 (beş) il ərzində saxlanıla bilər. Müddət bitdikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada arxivləşdirilir.
İstifadəçi razılıq verir və qəbul edir ki, ona daha geniş istiqamətdə xidmət göstərmək üçün PAŞA Sığorta İstifadəçi barədə məlumatları ona heç bir zərər vurmamaq, habelə yayılmaması üçün məsuliyyət daşımaqla müxtəlif informasiya ehtiyatlarından əldə edə, yaza, sistemləşdirə, təzələyə, dəyişdirə, çıxara, adsızlaşdıra, saxlaya, məhv edə, habelə İstifadəçinin hər hansı məlumatlarını və sığorta sirri təşkil edən məlumatlarını öz işçilərinə, nümayəndələrinə, ona hüquqi və digər xidmət göstərən şəxslərə, özünə aidiyyəti olan şəxslərə, sığorta fəaliyyətini həyata keçirərkən ondan tələb edən dövlət orqanlarına, maliyyə bazarlarına nəzarəti həyata keçirən orqanlara ölkədaxili və ya transsərhəd qaydada ötürə bilər və bu məlumatların ötürülməsi üçün İstifadəçinin əlavə yazılı razılığı tələb olunmayacaq. PAŞA Sığorta həmin məlumatların ötürülməsi zamanı məxfiliyin təmin edilməsi üçün zəruri tədbirləri görəcəkdir. Məlumatın ötürüldüyü tərəfin həmin məlumatların məxfiliyinin qorunmasına dair götürdüyü öhdəliyə görə PAŞA Sığorta məsuliyyət daşımır.
İstifadəçi “ASAN Finans” və Azintelekom (SIMA) sistemi vasitəsi ilə şəxsiyyət vəsiqəsi üzrə müəyyən olunan məlumatların PAŞA Sığortaya təqdim olunmasına razılıq verir. İstifadəçinin verdiyi razılıqlar PAŞA Sığortaya bildiriş təqdim etməklə geri götürülə bilər.
Sığorta şirkəti olaraq sizə daha yaxşı xidmət göstərə bilmək üçün qurğunuzun müxtəlif funksiyalarına (kamera, mikrofon, lokasiya, kənar yaddaş, bildirişlər və s.) giriş icazəsi tələb edə bilərik.
Qurğunuzdan istifadəni rahatlaşdırmaq məqsədi ilə sizə aid üz quruluşu, barmaq izi və digər fərdi biometrik məlumatlarınızdan istifadə imkanı təklif edə bilərik.
5. RAZILAŞMANIN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
Bu Razılaşmada müəyyən edilmiş müddəalar veb saytdan İstifadəçi tərəfindən ilk dəfə istifadə edildiyi andan başlayaraq veb saytdan istifadəni tamamilə dayandırdığı anadək onun üçün məcburidir.
Bu Razılaşmanın hər hansı bəndi qismən və ya bütövlükdə etibarsız, yaxud qanunvericiliyə zidd hesab edildikdə bu, Razılaşmanın digər bəndlərinin etibarsızlığına səbəb olmayacaq.
6. ƏQLİ MÜLKİYYƏT
Bütün elementləri ilə birlikdə vahid bir sistem olan bu veb sayt, veb saytdakı səhifələr, məlumatlar, dizayn, markalar, loqolar və digər elementlər PAŞA Sığortaya məxsusdur və onun icazəsi olmadan hər hansı əməliyyatla və ya hər hansı digər vasitə ilə həmin elementlərin qismən və ya tamamilə çoxaldılması, yeniden emal edilməsi qadağandır və əqli mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
İstifadəçinin aşağıdakı vəzifələri var:
- Veb saytın tam və ya qismən surətini çıxartmamaq və ya çoxaltmamaq
- Veb sayt və ya onun hər hansı hissəsinə dəyişiklik, modifikasiya etməmək və ya uyğunlaşdırmamaq
- Veb sayt daxilində olan və ya ona aid olan hər hansı əqli mülkiyyət hüququ barədə bildirişi çıxartmamaq və ya müdaxilə etməmək
- Veb saytın əks layihələndirilməsini həyata keçirməmək
7. ZƏMANƏT
PAŞA Sığorta veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin PAŞA Sığorta İstifadəçi tərəfindən veb sayta daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.
İstifadəçi qeyri-qanuni, alçaldıcı, nalayiq və ya təhdidedici məqsədlər üçün veb saytdan istifadə edə bilməz.
İstifadəçi mövcud olduğu halda veb sayt və qurğu üçün hər hansı təhlükəsizlik əlavəsinin quraşdırılmasına razılıq verir.
8. MƏSULİYYƏT
İstifadəçi öz hərəkət və ya hərəkətsizliyinin və bunların nəticələrinin məsuliyyətini bütünlüklə öz üzərinə götürür. PAŞA Sığorta İstifadəçinin hərəkət və ya hərəkətsizliyinə və bunların nəticələrinə görə məsuliyyət daşıya bilməz.
PAŞA Sığorta öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər/ziyanlar istisna olmaqla veb saytdan istifadə nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə/ziyana görə heç bir halda məsuliyyət daşımır.
İstifadəçi veb saytdakı məlumat və kontentlərin yanlış və ya xətalı olmasından qaynaqlanan zərərə/ziyana görə PAŞA Sığortanın məsuliyyət daşımadığını qəbul və bəyan edir.
İstifadəçi veb saytdan istifadə edərkən, məhsul və ya xidmətdən faydalanarkən, hər hansı əməliyyat apararkən bu Razılaşmaya və qanunvericiliyə uyğun hərəkət edəcəyini, əks təqdirdə yarana biləcək birbaşa və ya dolayı hər cür zərərə/ziyana görə məsuliyyət daşıyacağını, belə olan halda PAŞA Sığorta üçün yarana biləcək hər cür zərəri/ziyanı dərhal kompensasiya edəcəyini qəbul və bəyan edir.
PAŞA Sığorta heç bir halda İstifadəçinin qurğusuna və ya veb saytdan istifadəsinə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən zərər, ziyan, itki və ya xəsarətə görə məsuliyyət daşımır.
İstifadəçi aşağıdakılardan irəli gələn bütün iddialar, zərərlər/ziyanlar və xərclər üçün məsuliyyət daşıyır:
- İstifadəçinin veb saytdan istifadəsi
- PAŞA Sığortanın İstifadəçinin təqdim etdiyi məlumatlara etibar etməsi
- İstifadəçi tərəfindən bu Razılaşmanın, istənilən hüquqi və fiziki şəxsin əqli mülkiyyət və ya digər hüququnun pozulması
9. ZƏMANƏT
PAŞA Sığorta bu Razılaşmanın mətnində və veb saytda dəyişiklik etmək, əlavə etmək, veb saytdan istifadəni məhdudlaşdırmaq, müvəqqəti və ya həmişəlik dayandırmaq hüququna malikdir.
PAŞA Sığorta bu Razılaşmanın müddəalarına dəyişiklik və ya əlavə etdikdə veb sayt daxilində bildiriş vasitəsilə məlumat verə bilər. Əgər İstifadəçi veb saytdan istifadə etməyə davam etsə, bu zaman PAŞA Sığorta hesab edir ki, İstifadəçi dəyişikliyi və ya əlavəni qəbul etmişdir və müvafiq dəyişiklik və ya əlavə avtomatik olaraq qüvvəyə minəcəkdir.
PAŞA Sığorta eyni zamanda kukilər və oxşar texnologiyalar ilə əlaqəli bölmə daxil olmaqla Məxfilik Siyasətinə dəyişikliklər və əlavələr edə bilər.
10. XİTAM VERMƏ
PAŞA Sığorta aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal bu Razılaşmaya xitam verə bilər:
- Əgər İstifadəçi bu Razılaşmanın müddəalarını ciddi şəkildə və ya ardıcıl olaraq pozarsa və ya PAŞA Sığortanın aşağıdakılardan biri və ya bir neçəsi barədə şübhəsi olarsa:
- İstifadəçi dələduzluq etmiş və ya dələduz kimi fəaliyyət göstərə bilər
- İstifadəçinin veb sayta daxil olmaq hüququ yoxdur və ya bu veb sayta daxil olmaq və istifadə etmək hüququ dəyişmişdir
- İstifadəçi çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində tələbləri yerinə yetirməmişdir
- İstifadəçi xidmət və ya pullardan qeyri-qanuni olaraq istifadə edir və ya əldə edir və ya başqa şəxsin onlardan istifadə etməsi və ya əldə etməsinə imkan yaradır
- PAŞA Sığorta ya bu Razılaşmanın icrasını davam etdirərək bunun qüvvədə olan qanun, qayda, məhkəmə qərarının pozulması riski daşıdığını və ya PAŞA Sığortaya istənilən hökumət, tənzimləyici və ya hüquq mühafizə orqanı tərəfindən tədbir və ya qadağa tətbiq edildiyini hesab edir
- İstifadəçi veb saytın istifadə oluna biləcəyi istənilən məhsul və ya xidmətin şərtlərini pozur
PAŞA Sığorta bu Razılaşmaya xitam verdiyi barədə sizə bildiriş verəcəkdir. Bura SMS vasitəsilə, e-mail vasitəsilə, veb sayta daxil olan zaman mesaj və digər şəkildə bildiriş daxil edilə bilər.
PAŞA Sığorta əvvəlcədən bildiriş verərək hər hansı digər səbəbdən də bu Razılaşmaya xitam verə bilər.
İstifadəçi veb saytdan istifadəni dayandıraraq istənilən zaman bu Razılaşmaya xitam verə bilər.
11. KUKİLƏR
Veb sayt təhlükəsizliyə yardım göstərmək, bizim sistemlərimizə qoşulmanı təmin etmək, bizim veb saytın necə istifadə olunmasını müşahidə etməyimizə imkan yaratmaq və sizin üstünlüklərinizi saxlamaq (məsələn, daxil olma məlumatlarının yadda saxlanılması) üçün proqram təminatı vasitələrini (bunlar “kukilər” adlanır) sizin qurğuda saxlayır.
Bu veb sayta daxil olaraq və istifadə edərək siz PAŞA Sığortanın məlumatları müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz.
12. TƏTBİQ EDİLƏN HÜQUQ
Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq şərh edilir və Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabedir.
13. İMZALANMA
Bu İstifadəçi Razılaşması və onun çərçivəsində bağlanan əqdlər mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan (klik edilmə, müvafiq xananın seçilməsi, SMS və s), habelə elektron sənəd mübadiləsi üsulundan istifadə edilməklə imzalana/təsdiqlənə bilər. Bu qaydada imzalanmış/təsdiqlənmiş əqd əl imzası ilə imzalanmış əqdə bərabər tutulur.
Veb sayt vasitəsi ilə əməliyyatların aparılması zamanı yuxarıdakı qaydada təsdiqlənmiş elektron sənədlər İstifadəçinin kağız daşıyıcıda olan əl imzası ilə təsdiqlənmiş sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir.