MƏXFİLİK SİYASƏTİ

(Veb sayt ilə əlaqədar)

Hörmətli İstifadəçi, bu veb saytdan istifadə edərkən və bu veb sayt vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki “Məxfilik Siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir.

“Məxfilik Siyasəti” bu veb saytda toplanan məlumatlara aiddir və fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinin “PAŞA Sığorta” ASC tərəfindən dəqiq bəyan edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq “PAŞA Sığorta” ASC Sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Sizə aid fərdi məlumatların veb sayta daxil edilməsi qarşı tərəfin Siz olduğunu güman etməsi üçün əsasdır. Bu səbəbdən məlumatlarınızın təhlükəsizliyinə həssas yanaşmağınızı tövsiyə edirik. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etdikdə həmin məlumatlar “PAŞA Sığorta” ASC tərəfindən “Məxfilik Siyasəti”nə uyğun olaraq işləniləcək.

1. İstifadə edilən anlayışlar:

  • Veb sayt –https://www.yuvam.az/
  • PAŞA Sığorta –“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti
  • Fərdi məlumatlar –şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat
  • Fərdi məlumatların toplanılması –şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi
  • Fərdi məlumatların işlənilməsi –fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi)
  • Fərdi məlumatların məhv edilməsi –informasiya sistemində fərdi məlumatların silinməsi, məzmununun sonradan bərpa edilməsi mümkün olmayan vəziyyətə salınması və ya fərdi məlumatlar olan maddi daşıyıcıların məhv edilməsi

2. Fərdi məlumatları qoruma öhdəliyi

Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin yazılı razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.

Əgər Siz artıq PAŞA Sığortanın müştərisisinizsə, sığortalı və ya sığortaolunan olaraq sığorta sirri təşkil edən fərdi məlumatlarınızı qorumaq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən PAŞA Sığortanın öhdəliyidir.

3. Məlumat mənbələri

Sizinlə bağlı toplanılan məlumatlar Sizə ən uyğun və yüksək səviyyəli xidmət təqdim etməyimizə və göstərilən xidmətlərin səviyyəsini artırmağımıza yönəlir. Bu məlumatlar aşağıda qeyd edilən formalarda əldə edilir:

a. Sizin tərəfinizdən təqdim edilən məlumatlar

Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təqdim etdiyiniz məlumatlardır. Sizə yüksək səviyyəli və ən əsası düzgün xidmət göstərə bilməyimiz üçün veb saytda Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Bundan başqa tələb etdiyiniz xidmətin təşkili üçün lazım olan məlumatları veb sayta daxil etmədiyiniz təqdirdə tələbinizi icra etməyin mümkün olmayacağını nəzərə almalısınız. Verdiyiniz məlumatların doğru və tam olmasına görə Siz özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya natamam məlumatların daxil edilməsi tələb etdiyiniz sığorta məhsulunun etibarlılığına, sığorta təşkilatı olaraq bizim və/və ya sığorta vasitəçilərimizin Sizə və/və ya sığortalıya qarşı olan məsuliyyətimizə və sığorta ödənişinə təsir edə bilər. Belə olan halda PAŞA Sığorta heç bir məsuliyyət daşımır. Yanlış və/və ya natamam məlumat daxil etdiyinizə görə PAŞA Sığorta üçün yaranacaq hər cür zərərə görə Siz məsuliyyət daşıyırsınız.

b. Məlumatların avtomatik toplanması alətləri – Kukilər

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda Sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, veb saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. PAŞA Sığorta bir çox veb saytlarda olduğu kimi bu veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

Bu veb saytdan istifadə edərək Siz PAŞA Sığortanın məlumatları müəyyən edildiyi kimi Sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki “Məxfilik Siyasəti”ndə göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksionallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.

c. Digər mənbələrdən əldə edilən məlumatlar

Sığorta xidmətlərinin təşkil edilməsi, yeni sığorta hadisələrinin tənzimlənməsi və araşdırılması məqsədilə Sizin müvafiq dövlət orqanları, maliyyə bazarlarına nəzarət orqanı və İcbari Sığorta Bürosunun elektron informasiya daşıyıcılarında yerləşdirilmiş və ötürülməsi qanunvericiliklə qadağan olunmayan fərdi məlumatlarınız da toplanıla bilər.

4. Hansı məlumatlar toplanılacaq?

a. Veb saytdan istifadə etdiyiniz zaman veb serverimiz avtomatik olaraq aşağıdakı təfərrüatları qeyd edir:

  • IP ünvanı
  • İstifadə olunan brauzer proqramının növü;
  • Saytın istifadə etdiyiniz bölmələri;
  • Saytdan istifadənin tarixi və müddəti və sairə.

b. Eyni zamanda müxtəlif fərdi məlumatları toplayıb emal edəcəyik:

  • Ad, soyad və ata adı;
  • Cins;
  • Ünvan;
  • Əlaqə məlumatları (mobil nömrə, elektron poçt və s.);
  • Təqdim edilən xidmətlərin xüsusiyyətinə görə lazım olan digər məlumatlar.
  • 5. Məlumatların işlənilməsi

    Bizə verilən açıq və konfidensial fərdi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edirik:

    • Sığorta münasibətlərinin tənzimlənməsi (istinad, anderraytinq, sığorta iddialarına baxılması);
    • Bazar araşdırması, analitik məqsədlər, proses və məhsulların təkmilləşdirilməsi;
    • Tədbirlər, xidmətlər və yeniliklər barədə məlumat vermək;
    • Dələduzluq, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və maliyyə sanksiyalarına məruz qalan şəxslərin aktivlərdən faydalanmasının monitorinqi;
    • Qanuni öhdəliklərə (vergi, maliyyə, inzibati) riayət etmək;
    • Sığorta sisteminə nəzarət və tənzimləmə məqsədilə müvafiq orqanlara məlumat təqdim etmək.

    Müvafiq qanun və qaydalar sizin razılığınızın alınmasını tələb etmədiyi hallar istisna olmaqla, fərdi məlumatlarınız yalnız yazılı razılığınızla digər tərəflərə ötürülə bilər.

    6. Məlumatları əldə edə bilən subyektlər

    PAŞA Sığorta fərdi məlumatlarınızı aşağıdakı üçüncü tərəflərlə bölüşə bilər:

    • Dövlət orqanları, texniki dəstək şirkətləri, sığorta agentləri, digər sığortaçılar, təkrarsığortaçılar, brokerlər və banklar;
    • “PAŞA Holding” MMC, onun törəmə şirkətləri, texniki məsləhətçilər, mütəxəssislər, vəkillər, ekspertlər, xidmət təminatçıları (IT, poçt və s.);
    • Qanuni öhdəliklərin yerinə yetirilməsi və şikayətlər zamanı nəzarətedici orqanlar.

    Fərdi məlumatlar əlaqəsi olmayan üçüncü tərəflərlə icazəniz olmadan marketinq məqsədləri üçün paylaşılmır. PAŞA Sığorta məlumatların ötürülməsi zamanı məxfiliyin qorunması üçün zəruri tədbirləri görür, lakin ötürülmüş məlumatların həmin tərəfdə qorunmasına görə məsuliyyət daşımır.

    7. Məlumatların saxlanılması və məhv edilməsi qaydaları

    Məlumatlar xidmətlərdən istifadə müddətində və hüquq münasibətləri başa çatdıqdan sonra qanunvericiliyə uyğun müddətdə saxlanılır. Bu müddət başa çatdıqda, məlumatlar məhv edilir.

    Məhv edilmə üsulları:

    • Kağız daşıyıcının doğrama maşınları ilə məhv edilməsi;
    • Kağızın yandırılması və ya kimyəvi məhlullarla məhv edilməsi;
    • Elektron daşıyıcının mexaniki və ya proqram təminatı ilə geri dönməz şəkildə məhv edilməsi və formatlanması;
    • Digər münasib üsullarla silinməsi.

    8. Digər veb saytlara keçid

    Bu veb sayt vasitəsilə digər veb saytlara keçidlər təqdim oluna bilər. PAŞA Sığorta həmin saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır.

    Digər saytların fərqli məxfilik siyasəti ola bilər. Bu səbəbdən həmin saytlara keçid etdikdə, onların məxfilik siyasəti ilə tanış olmağınız tövsiyə olunur.

    9. Digər istifadə şərtləri

    PAŞA Sığorta istənilən vaxt və əvvəlcədən xəbərdarlıq etmədən bu “Məxfilik Siyasəti”ni dəyişmək hüququnu özündə saxlayır. Dəyişikliklər edildikdən sonra saytın istifadəsi bu dəyişikliklərin qəbul edilməsi kimi qiymətləndirilir.

    Saytda təqdim edilən məlumatların yenilənməsi üçün səylər göstərilir, lakin daxil edilmiş məlumatların doğruluğuna dair zəmanət verilmir.

    Öz qəsdi və ya kobud səhv istisna olmaqla, sayt istifadəsi nəticəsində yaranan hər hansı birbaşa və dolayı zərərlərə görə məsuliyyət daşınmır.

    “Fərdi məlumatlar haqqında” Qanuna əsasən istifadəçi onun haqqında məlumatların toplanmasına və işlənməsinə etiraz etmək hüququna malikdir. Etiraz yazılı və ya onlayn şəkildə bildirilə bilər. Etiraz əsaslandırılmadan da təqdim oluna bilər.